Bu gün uşaqların bir çoxu valideyn deyil, telefondakı kontentlərlə böyüyür. Mobil cihazların hökmranlığı keçmədiyi ailələrdə isə valideynlər övladlarında o qədər kompleks və stereotiplər formalaşdırırlar ki, bu yanlış istiqamətlər bir müddətdən sonra travma, o cümlədən ciddi xəstəliklərə yol açmağa başlayır.
Hər şey davranışdan başlayır. Valideynlərin uşaqlar yanında davranışlarını tənzimləməmələri istər məktəb, istərsə də yeniyetmə yaşlarında olan uşaqlarda özünü müxtəlif yanlış formalarda göstərməyə başlayır. Valideynlərlə söhbət zamanı bunun ilkin səbəblərinin hiper qəyyumluqdan irəli gəldiyini görürürük. El arasında buna ərkəsöyünlük də deyilir. Ailədə ata-ana və ya nənə-babanın uşaqları qloballaşan cəmiyyətin dəyərləri deyil, öz dövrlərinin prinsipləri ilə tərbiyələndirmələri faktorları da bu problemin daha da qabarmasına təkan verir.
“Uşaqdır, yaş artdıqca düzələcək” kimi səsləndirdiyiniz ifadələr əslində peşəkar psixoloq loqopedlərin dəstəyi olmadan düzəlməyə, əksinə hər gün daha da kəskin formaya çevrilə bilər. Uşaqlarda gizli şəkildə inkişaf edən problemlərin, gələcəkdə ağır bir yük kimi qarşınıza çıxmasını istəmirsinizsə, o zaman telefonla keçirdiyiniz zamanı uşaqlarınız və ya psixoloqunuzla keçirin.
Uşaqlarınızla ünsiyyət zamanı nitq və davranışlarınıza diqqət edin ki, doğruları başqa mənbələrdən deyil, Sizdən öyrənsinlər. Siz isə əziz valideynlər özünüzü ən yaxşı versiyasını uşaqlarınıza təqdim etmək üçün öz üzərinizdə işləməyi unutmayın.